Müsəlman.az » Tarix » Azərbaycan tarixi » Füzuli (rayon) haqqında tarixi məlumat...

Füzuli (rayon) haqqında tarixi məlumat...

Müəllif: YA_Ali 6-04-2012, 09:40
 (səslər: 10)
Füzuli (rayon) haqqında tarixi məlumat...

Füzuli — Azərbaycanın Ermənistan ordusu tərəfindən qismən işğal olunmuş rayonlarından biri.

Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır.

Tarixi

Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır.


1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.

Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal – Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı.

Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Yağlıvənd, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər. Avqustun 23-ü 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Hazırda 51 kənd və rayon mərkəzi ermənilər tərəfindən işğal olundu, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovuldu. Lakin Azərbaycan ordusunun həmin ilin dekabr ayında başlatdığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Azərbaycan ordusu daha sonra Fizuli şəhərinin işğaldan azad olunması üçün hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi. Hal-hazırda işöaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına qayıtmışdır. 1995-1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 40.000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər.Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi Fizuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Rayon üçün digər bir problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılıb. Ehtimal olunur ki, hazırda 2011-ci ilin ortalarına olan məlumata görə Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində – 9 milyon metr² ərazidə partlamamış hərbi sursat var.


İqtisadiyyat

Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf etmişdir. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi. İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi.

Rayonun sənayesi əsasən yerli təbbi ehtiyyatlara qum-çınqıl kənd təsərrüfat xammalına əsaslanır. Sənayenin strukturuna yüngül və yeyinti sahəsi daxildir. Un üyütmə, Çörək bişirmə yeyinti sənayesininəsas sahəsidir. Yüngül sənaye Toxuculuq, Tikiş, Xalçaçılıq sahələri ilə təmsil olunur. Rayonun əsas nəqliyyat vasitəsi avtomobil və Bakı- Horadiz dəmiryoludur. Rayon sənaye məhsulunun ümümi həcmi 2009-cu ildə 2763,4 min manat olmuşdur. Rayonun aparıcı sahələrindən olan kənd təssərrüfatı əkinçilik və heyvandarlıqdan ibarətdir. 2009-cu ildə kənd təsərrüfat məhsulunun ümumi həcmi 34631 min manat olmuşdur. Göstərilən ildə 100525 ton taxıl, 96950 ton buğda istehsal olunmuşdur. Həmin ildə 1310 ton ət, 6757 ton süd, 4400 min ədəd yumurta istehsal olunmuşdur.
Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.