Müsəlman.az » Tarix » Azərbaycan tarixi » Sumqayıt haqqında tarixi məlumat...

Sumqayıt haqqında tarixi məlumat...

Müəllif: YA_Ali 10-05-2012, 08:59
 (səslər: 4)
Sumqayıt haqqında tarixi məlumat...

Sumqayıt — Bakıdan sonra Xəzər dənizi sahillərində yerləşən ən böyük şəhər.

Sumqayıt haqqında tarixi məlumat...
Bir zamanlar ona "Gənclik şəhəri" deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, sülh şəhəri, kimyaçılar şəhəri, komsomol şəhəri, inşaatçılar şəhəri. İndi isə Sumqayıtın azad iqtisadi zonaya çevrilməsi üçün yollar araşdırılır.

"Sumqayıt" toponimi

"Sumqayıt" sözünün yaranması barəsində 3 fərqli versiya mövcuddur.

"Sum qayıt" əfsanəsi

Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir. Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:

- Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!

Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:

- Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!


Tayfa adı ilə

Şəhərin adı qədim türk tayfası olan "suqa" və ya "sunqa"ların adından gəlmişdir. "-it" şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. "Sumqait" – "Sunqa-lar" , yəni "sunqaların yerləşdiyi ərazi" mənasını daşıyır.

Sumqayıt çay

Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şımalda axan Sumqayıt çayla əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay guraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay" demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, məhz bu ifadədən gəlir.

Sumqayıt şəhərinin simvolu

Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə şəhərin simvoludur.15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzi olmaqla yanaşı qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmamışdır. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir(Şəkinski)(1920-2000).

Sumqayıtın gerbi

Sumqayıt şəhərinin yeni gerbi 22 iyul 2011-ci ildə şəhər aktivinin ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında təqdim olunmuşdur. Gerbin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş 50-yə yaxın eskiz mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilmişdir. Müzakirələr prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə təqdim edilmişdir. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status əldə etmişdir. Təsdiq olunmuş gerbdə füruzə rəngi Sumqayıt şəhərinin dəniz sahili sularının rəngini, göy rəng səmanı, şəhərin simvollarından sayılan "Göyərçin" abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir.

Sumqayıtda ekoloji vəziyyət
Sumqayıt haqqında tarixi məlumat...
Sumqayıt Azərbaycan şəhərlərinin içində ən fəlakətli ətraf mühitə malikdir. Orta hesabla hər il havaya 96,5 min ton zərərli maddələr buraxılır. Alüminium zavodu şəhərin 2 km-də yerləşir və bu zəhərli maddələrin çox bir "payı" bu zavoda düşür. Bundan başqa Sumqayıt şəhərinin ekologiyasının pozulmasında "Kimyasənaye" İstehsal Birliyinin də çox böyük "əməyi" var. Sumqayıt yeganə şəhərdir ki, 3 müəsisəsi xlor buraxır. Nazirlər sovetinin 18 İyul 1991-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda heç bir kimyəvi müəssisə tikilməməli idi. Buna baxmayaraq, həmin vaxtdan bəri "Sintezkauçuk" birliyində "EP-300", "Üzvisintez" birliyində "Polimer-120" və başqa müəssisələr tikilib, istifadəyə verilmişdir. Bunlardan başqa şəhərin girəcəyində asfalt zavodu tikilib, istifadəyə verilmişdir. Təəsüflər olsun ki, bu və ya digər müəssisələr müvafiq orqanların (sanepidemistansiya, təbiətin mühafizə komitəsi və s.) icazəsi olmadan inşa olunmuşlar. Həmdə bu müəssisələrin tikildiyi zamanı layihələrdə böyük nöqsanlara yol verilmişdir. Havaya atılan zərərli maddələr külək vasitəsilə bütün şəhəri bürüyür. Bu baxışdan "İnşaatçılar" və "Kimyatikinti" yaşayış qəsəbələri daha pis vəziyyətə məruz qalırlar.
Sumqayıt haqqında tarixi məlumat...

İnkişaf tarixi

Tarixçilərin fikrincə müasir Sumqayıtın yerləşdiyi ərazidə qədim dövrlərdə midiyalılar məskunlaşıb. Şəhərin tikintisi zamanı torpaq altında qazıntı işləri görülərkən qədim yaşayış məntəqəsinin və karvansarayın qalıqlarına rast gəlinirdi. Sovet İttifaqı Abşeron yarımadasını ağır sənaye mərkəzinə çevirmək qərarına gəldi. Bu məqsədlə Abşeronda ikinci bir sənaye mərkəzi tikmək istəyirdilər. İlk tikinti işləri 1938-ci ildə başlandı. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1944-cü ildə yenidən bərpa olunur. Şəhərin tikintisində azərbaycanlılar ilə yanaşı müharibədə əsir düşmüş almanlar da işlədilirdi. [3] 1949-cu ildə Sumqayıta şəhər statusu verilir.

1938-ci il – indiki İstilik Elektrik Stansiyasının yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlanır.
1939-40-cı illər – sintetik kauçuk, boruyayma və kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən Müharibəsinin başlanması ilə bütün tikinti işləri dayandırılır.
1941-ci il – İES işə düşür və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanı verilir.
1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisi.
1945-ci il – Sumqayıt kimya zavodu ilk məhsulunu verdi və Sumqayıtda geniş tikinti işləri vüsət aldı.
1949-cu il – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verildi. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrildi.
1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verdi. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başladı. Sintetik kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edildi.
1953-cü il – Marten sobalarında ilk polad əridilməsi.
1955-ci il – Sumqayıt alüminyum zavodu işə başladı.
1957-59-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanıldı.
1961-68-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
1970-80-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.

Şəhərin baş planı

Sənaye şəhəri Sumqayıtın baş planı 1948-ci ildə Moskvadakı layihə institutlarından birində hazırlanmışdı. Şəhərin yaşayış zonasının tikintisi planını layihələşdirmək isə Azərbaycan Dövlət Baş Layihə İnstitutu tərəfindən yerinə yetirilmişdir. 1947-1949-cu illərdə hazırlanmış həmin layihənin müəllifləri Saburov, İsayev və Brjesinkaya idi.

Əhalisi

27 yanvar – 4 fevral 1999-cu il tarixlərində aparılmış siyahıya almaya əsasən Sumqayıt şəhərinin 283,184 nəfər (95,74%-i azərbaycanlılar, 1,65%-i ruslar, 1,55%-i ləzgilər, 0,29%-i ukrayınlar, 0,28%-i tatarlar, 0,19%-i talışlar, 0,05%-i yəhudilər, 0,04%-i mesxeti türkləri, 0,02%-i gürcülər, 0,2%-i digər millətlər olmaq üzrə) əhalisi var . 2009-cu ildə aparılmış siyahıya almaya əsasən isə Sumqayıtın 310,000 nəfər əhalisi var.


Təhsil


1952-ci ilə qədər şəhərdə Corat məktəbi daxil olmaqla 3 məktəb fəaliyyət göstərmişdir ki, bu məktəblər də Bakı şəhərinin tabeliyində olmuşdur. 1952-ci ildə Sumqayıt Xalq Maarif şöbəsi yaradılmışdır. Həmin ildə şəhərin 3 məktəbində 4 minə yaxın şagird təhsil almışdır.

Hazırda şəhərdə 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir. Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisələridir.

Məktəbdə 56201 nəfər şagird təhsil alır. Onlardan 767 nəfəri gimnaziyada, 2383 nəfəri liseylərdə, 561 nəfəri xüsusi məktəblərdə, 52490 nəfəri isə ümumtəhsil məktəblərində oxuyur.

Ümumtəhsil məktəblərində şəhid ailələrindən 242 şagird, hər iki valideynini itirmiş 80 şagird, bir valideynini itirmiş 1625 şagird, qaçqın ailələrindən 3135 şagird təhsil alır, imkan daxilində onlara diqqət və qayğı ilə yanaşılır.

Bu kateqoriyadan olan, həmçinin aztəmintalı ailələrə kömək məqsədilə 2004-cü ildə yeni ümumtəhsil internat məktəbi fəaliyyətə başlamışdır. Hazırda şəhərimizdə fəaliyyət göstərən 2 ümumtəhsil internat məktəbdə 939 şagird təhsil alır, tərbiyə olunur.

Sumqayıt şəhər məktəblərində 5214 müəllim çalışır. Onlardan 4256 nəfəri qadın (81,6%), 958 nəfəri isə (18,4%) kişidir. Müəllimlərdən 4482 nəfəri (86%) ali, 720 nəfəri (14%) isə orta ixtisas təhsilli olmaqla onların 34%-i gənclərdir.

Şəhərdə 57 məktəbəqədər tərbiyə müəssisəsində 7245 uşağın təlim-tərbiyəsi ilə 2384 nəfər məşğul olur. Bunlardan 945 nəfər pedaqoji, 1052 nəfəri isə texniki işçidir.

İstər məktəblərdə, istərsə də məktəbəqədər müəssisələrdə müxtəlif yeni pilot layihələr, xüsusilə sağlamlıqlarında qüsur olan uşaqların məktəb və bağçalarda adi uşaqlarla bir yerdə təhsili – inkluziv təhsillə bağlı geniş layihələr həyata keçirilir. Asiya İnkişaf Bankının dəstəyi ilə məktəbəqədər tərbiyə müəssisələrimizlə bağlı şəhərimiz pilot layihəsinə salınmışdır. Şəhərimizdə çoxsaylı monitorinqlər aparılmış, treninqlər, görüşlər keçirilmişdir. Xeyli metodik vəsaitlər işlənib hazırlanmış və çap olunmuşdur.

Bəzi bağçaların beynəlxalq layihələrə qoşulması bu sahədə inkişafa təkan verəcəkdir. Məktəbəqədər tərbiyə müəssisələrindən 11, 20, 30, 40 №-li uşaq bağçaları SOROS fondunun "Addım-addım" proqramı ilə işləməyə başlamış, 30, 40, 63, 66 №li bağçalar İnkuliziv-inteqrasiv pilot layihəsinə, 47 №li uşaq bağçası YUNISEF-in "Yuva" humanitar təşkilatının iştirakı ilə "Erkən uşaqlıq dövründə qayğı və inkişaf texnologiyası" proqramına qoşulmuşdur.


Səhiyyə

Sumqayıtda Səhiyyə Şöbəsi 1939-cu ildən rayon səhiyyə şöbəsi şəklində mövcuddur. 1948-ci ildən isə hazırkı günə qədər "Sumqayıt şəhər Səhiyyə şöbəsi" adında fəaliyyət göstərir. Sumqayıt ərazisində ilk xəstəxana 1924-cü ildə Haci Zeynalabdin Tağıyev tərəfindən əsası qoyulmuş, hazırda H. Zeynalabdin qəsəbəsində yerləşən 3 saylı Birləşmiş xəstəxanadır.

Xəstəxanalar

1 saylı xəstəxana

Təyinatı: Müalicə profilaktika işi Tutumu: 460 çarpayı Baş həkim – Əsədov Bayram Niyazəli oğlu Əlaqə telefonları: 642-13-55, 642-13-56

2 saylı xəstəxana

Təyinatı: Çox profilli xüsusi ixtisaslaşdırılmış tibbi yardım Tutumu: 400 çarpayılıqdır Baş həkim – Səfərov İbrahim Əli oğlu Ünvan: Sumqayıt şəhər 57-ci məhəllə Sumqayıt-Novxanı şossesinin 5-ci km-i Əlaqə telefonu: 645-49-84.

3 saylı xəstəxana

4 profildə fəaliyyət göstərir: terapiya, cərrahiyə, ginekalogiya, doğum çarpayıları Baş həkim: Paşayev Bəhram Həbib oğlu Əlaqə telefonu: 643-05-13

Bərpa xəstəxanası

Tutumu: 190 çarpayı Terapiya şöbəsi: 60 çarpayı Nevrologiya: 60 çarpayı Cərrahiyyə: 40 çarpayı Kardiologiya: 30 çarpayı Bundan əlavə rentgen, laboratoriya və fizioterapiya şöbələri və funksional diaqnostika kabineti də fəaliyyət göstərir. Xəstəxana əsas etibarilə planlı xəstələri qəbul edir. Baş həkim – Məmmədov Vahid Haman oğlu Əlaqə telefonu: 645-91-65 Ünvan: Sumqayıt şəhəri, S.Vurğun 45

Ak. U. Musabəyli adına Rayonlararası Sumqayıt Oftalmoloji Xəstəxana

Təyinatı: ixtisaslaşdırlmış Oftalmoloji xidmət. Xəstə tutumu: 120 çarpayı Baş həkim: Əliyeva İradə Tofiq

Uşaq xəstəxanası

Təyinatı: Çox profilli uşaq xəstəxanası Xəstə tutumu: 320 çarpayılıq Baş həkim: Şahverdiyev Abbas Səttar Əlaqə telefonu: 645-37-17

Mədəniyyət və incəsənət

50-ci illərdə sənaye şəhəri kimi inkişaf edən Sumqayıtda Sumqayıt şəhər Mədəniyyət şöbəsinin yaradılması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi.

1998-ci ildən etibarən, Sumqayıt Şəhər Mədəniyyət İdarəsi kimi fəaliyyət göstərən idarə öz ətrafında 19 filialı əhatə edən Mərkəzləşdirilmiş Kitabxana Sistemini, 14 klub tipli müəssisəni (8 mədəniyyət evi, 6 klub), 3 incəsənət, 2 musiqi məktəbini, Sumqayıtın Tarixi Muzeyini, Sumqayıt Dövlət Rəsm Qalereyasını, Kino-Video Birliyini, Nəsimi adına Mədəniyyət və İstirahət Parkını birləşdirir. Bu mədəni-maarif ocaqlarında 1164 nəfər çalışır.

Qeyd olunduğu kimi Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin tabeliyində 6 klub – "Gənclik", "Veteran", "Poeziya", 4 saylı şəhər klubu, 5 saylı şəhər klubu, 6 saylı şəhər klubu və 8 mədəniyyət evi – C.Cabbarlı adına mədəniyyət evi, N.Nərimanov adına mədəniyyət evi, Mərkəzi Şəhər Mədəniyyət evi, "Energetik" mədəniyyət evi, "İnşaatçılar" mədəniyyət evi, "28 may" mədəniyyət evi, "Dostluq" mədəniyyət evi, Corat mədəniyyət evi fəaliyyət göstərir.

Şəhər Mədəniyyət İdarəsi nəzdində olan təşkilatlar:

1. Klublar


1. "Gənclik"
2. "Veteran"
3. "Poeziya"
4. 4 saylı şəhər klubu
5. 5 saylı şəhər klubu
6. 6 saylı şəhər klubu


1. Mədəniyyət evləri


C.Cabbarlı adına mədəniyyət evi lk mədəniyyət evi sayılan C.Cabbarlı adına mədəniyyət evi 1952-ci ildə BTZ zavodunun nəzdində yaradılmışdır. Burada xalq teatrı, estrada, aşıqlar, nəfəs alətləri ansamblları fəaliyyət göstərirdi. Daha sonralar mədəniyyət evində rəqs və rus dram dərnəkləri yaradıldı. 1960-cı illərdə Rusiyada Kreml sarayında xalq teatrının əsasında "Fərhad və Şirin" tamaşası göstərilmişdir. Dərnək üzvləri – Məmməd Ələkbərov, Svetlana Həşimova, Səkinə Süleymanova, Sabir Əliyev respublikanın tanınmış teatr xadimləridir. 1970-ci ildə mədəniyyət evində bal rəqsləri, 1984-85-ci illərdə şəhərimizdə ilk dəfə olaraq qızlardan ibarət xalq çalğı alətləri ansamblları yaradılmışdır. 2000-ci ilin sentyabr ayından etibarən, mədəniyyət evi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeliyinə verilmişdir.

"Bərgüşad" instrumental ansamblı, "Break dance", "Gözbağlayıcı", "Milli rəqs" kimi kollektivlər yenicə yaranmışdır. Milli rəqs kollektivi dəfələrlə Türkiyədə qastrol səfərlərində olmuşdur. "Bərgüşad" instrumental ansamblı dəfələrlə "N" hərbi hissəsində əsgərlər qarşısında çıxış etmiş, diplom və fəxri fərmanlara layiq görülmüşdür. Ümumiyyətlə, mədəniyyət evinin özfəaliyyət kollektivləri mütəmadi olaraq dövlət əhəmiyyətli tədbirlərdə iştirak edir, şəhər əhalisinin asudə vaxtının səmərəli keçirilməsinə şərait yaradır.

N.Nərimanov adına mədəniyyət evi 1954-cü ildə xüsusi layihə üzrə 300 yerlik tamaşa zalı və 15 iş otağından ibarət yeni mədəniyyət evi – N.Nərimanov adına mədəniyyət evi istifadəyə verildi. Sumqayıt Alüminium zavodunun balansında olan mədəniyyət evi 1999-cu ilin dekabr ayından etibarən, Sumqayıt Mədəniyyət İdarəsinin tabeliyinə daxil olmuşdur. 1985-ci ilə qədər mədəniyyət evində 18 adda müxtəlif janrlar üzrə bədii özfəaliyyət kollektivləri "Karavella" instrumental ansamblı (rəhbər V.Gelas), nəfəs alətləri orkestri (rəhbər F.Gerson), Azərbaycan xalq rəqsləri kollektivi (rəhbər A.Rəhimov), Uşaq Estrada kollektivi (rəhbər A.Dubrovina), Rus rəqs kollektivi (rəhbər Z.Şqadenko), "Pöhrə" aşıqlar ansamblı (rəhbər S.Abbasov), "Səma" qızlar ansamblı (rəhbər C.Bəkirova), "Seqal" muğam ansamblı (rəhbər M.Musateva), "Rəndə" satira teatrı (rəhbər S.Məsimova), Bədii Qiraət dərnəyi (rəhbər Z.Kazımova), Xalq Çalğı Alətləri ansamblı (rəhbər L.Əliyeva) fəaliyyət göstərmişdir. 1975-77-ci illərdə "Karavella" vokal instrumental ansamblı və nəfəs alətləri orkestri, 1985-ci ildə "Pöhrə" aşıqlar ansamblı I Ümumittifaq bədii özfəaliyyət yaradıcılığı festivalında iştirak edərək laureat adını qazanmışdır. Ümumiyyətlə, mədəniyyət evinin özfəaliyyət kollektivləri dəfələrlə festival, müsabiqələrin iştirakçısı olmuş, fəxri fərman və diplomlarla təltif edilmişdir.

Mədəniyyət evində Sumqayıtda ilk dəfə olaraq aşıq musiqisi üzrə kurs açılmışdır. Kursun rəhbəri istedadlı aşıq B.Əhmədovdur. tanınmış müğənnilər M.Musayeva, S.Kazımova, V.Gülməmmədov, aşıqlar Kəmalə Qubadlı, Ulduz Quliyeva və b. mədəniyyət evinin yetirmələridir. Hazırda mədəniyyət evində ingilis dili, kompüter, rəssamlıq, qadın bərbəri, ev tibb bacısı, biçmə-tikmə dərnəkləri, habelə aşıqlar ansamblı, "Dəcəl qızlar" rəqs kollektivi, "Arzu" instrumental ansamblı, məktəblilər üçün musiqinin vokal , qarmon, elektro-gitara, piano, sintezator, nağara və s. sahələri üzrə dərnəklər fəaliyyətdədir. Mədəniyyət evində hər il istər əlamətdar günlər, bayramlar, istərsə də qan yaddaşımıza həkk olunmuş tarixlərlə bağlı tədbirlər keçirilir, sənət adamları, şair və yazıçılarla görüşlər təşkil olunur. Mədəniyyət evində keçirilən tədbirlərin yüksək şəkildə təşkil olunmasında, onların metodiki və bədii cəhətdən hazırlanmasında yüksək ixtisaslı işçilərin – bədii rəhbər K.Quliyeva, metodist S.Ağayeva və b. əməyi böyükdür. Mədəniyyət evinə 31 ildir ki, mədəniyyət işi sahəsində böyük təcrübəsi olan Felman Lazımov rəhbərlik edir.

3. Mərkəzi Şəhər Mədəniyyət evi 4. "Energetik" mədəniyyət evi 5. "İnşaatçılar" mədəniyyət evi 6. "28 may" mədəniyyət evi 7. "Dostluq" mədəniyyət evi 8. Corat mədəniyyət evi


Musiqi və incəsənət məktəbləri

Qara Qarayev adına Uşaq Musiqi Məktəbi Sumqayıtda ilk musiqi məktəbi – Q.Qarayev adına Uşaq Musiqi Məktəbi 1954-cü ildə yaradılmışdır. O illərdə məktəb 2 sinif otağından ibarət idi, iki şöbə üzrə fəaliyyət göstərən məktəbin illər keçdikcə imkanları genişlənmişdir. 1976-80-cı illərdə həmin məktəbin kollektivi Qafqaz Respublikaları arasında keçirilən müsabiqələrdə iştirak edərək fəxri fərmanlara layiq görülmüşdür. Bundan əlavə, kollektiv dəfələrlə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirlərdə fəal iştirak etmişdir. 1997-ci ildə məktəbə dahi bəstəkar Q.Qarayevin adı verilmişdir. Məktəbdə 8 ixtisas üzrə 6 şöbə fəaliyyət göstərir. Iki korpusdan ibarət olan musiqi məktəbində hal-hazırda 651 şagird müvafiq ixtisaslar üzrə 180 aparıcı müəllimdən dərs alır. Qocaman müəllimlərdən A.B.Məmmədova, E.M.Hüseynova, G.L.Bədirzadə, K.Ə.Səmədzadə və b. adını çəkmək olar. Məktəbin kollektivi mütəmadi olaraq müsabiqələrdə iştirak edir. "İstedad-2004" müsabiqəsində məktəbin şagirdləri yüksək fəallıq göstərmişlər. 2005-ci ilin aprel ayında Mədəniyyət Nazirliyi tərəfindən xor kollektivləri arasında keçirilən müsabiqədə məktəbin xor kollektivi fəxri fərmanla təltif edilmişdir. Məktəbin məzunları – mestro Ceyhun, Kazbek Əliyev, bəstəkar Ceyhun Allahverdiyev və b. respublikanın tanınmış musiqiçiləri sırasındadır. Hal-hazırda musiqi məktəbinə həmin məktəbin məzunu Leyla Rzayeva rəhbərlik edir.

Bülbül adına Uşaq İncəsənət Məktəbi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeliyində 3 incəsənət məktəbi fəaliyyət göstərir ki, onlardan biri də Bülbül adına Uşaq İncəsənət Məktəbidir. 1971-ci ildən Sumqayıt şəhər 2 saylı musiqi məktəbi kimi fəaliyyətə başlayan məktəb 2 korpus, 44 sinif otağı, 360 yerlik konsert zalından ibarətdir. Bu illərdə şagirdlər fortepiano, skripka, tar, kamança, qarmon, nağara, klarnet ixtisasları üzrə təhsil alırdılar. Rəsm, xoreoqrafiya şöbələri açıldıqdan sonra 1985-ci ildən Sumqayıt şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərmişdir. 1992-ci ildən Sumqayıt şəhər Xalq Deputatları Sovetinin Rəyasət heyətinin qərarı ilə məktəb Bülbülün adı ilə adlandırıldı. Məktəbin 35 illik fəaliyyəti ərzində şagirdləri respublika müsabiqələrində iştirak edərək diplomlara, fəxri fərmanlara layiq görülmüşdür. 1999-cu ildə musiqi və incəsənət məktəbləri şagirdləri arasında keçirilən Respublika Baxış müsabiqəsində Bülbül adına incəsənət məktəbinin şagirdləri Elvin Xasıyev və Xəyyam Tağıyev diplomlarla təltif olunmuşlar.

2001-ci ildə Sumqayıt şəhəri üzrə keçirilən gənc istedadların müsabiqəsində incəsənət məktəbinin xalq çalğı alətləri ansamblı müsabiqənin laureatı olmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2002-ci ildə təşkil etdiyi "Uşaqların gözü ilə" adlı sərgidə məktəbin şagirdləri mükafat almışlar. 2004-cü ildə Respublika üzrə uşaq xor kollektivləri arasında keçirilən müsabiqədə məktəbin xor kollektivi fəxri fərmana layiq görülmüşdür. 2005-ci ildə Çexiya Respublikasının Lides şəhərində dünya üzrə uşaqlar arasında keçirilən rəsm müsabiqəsində məktəbin şagirdi Orxan Həsənov fəxri fərmanla təltif olunmuşdur. Məktəbin məzunları müğənni-bəstəkar Elza Seyidcahan, bəstəkar Ceyhun və Vaqif Allahverdiyevlər respublika miqyasında tanınırlar.

Səid Rüstəmov adına Musiqi Məktəbi Sumqayıt şəhər Mədəniyyət İdarəsinin tabeçiliyində olan incəsənət məktəblərindən biri də 1976-cı ildən fəaliyyətdədir. 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məktəbə görkəmli bəstəkar Səid Rüstəmovun adı verilmişdir. Məktəbdə "Fortepiano", "Xalq çalğı alətləri", "Simli və nəfəsli alətlər", "Azərbaycan qarmonu", "Nəzəriyyə", "Rəssamlıq" şöbələri fəaliyyət göstərir ki, bu şöbələrdə 748 şagird təhsil alır. Bundan əlavə, incəsənət məktəbində müəllimlərdən ibarət Xalq Çalğı Alətləri ansamblı fəaliyyət göstərir. Məktəbin kollektivi dəfələrlə ümumşəhər, respublika miqyaslı tədbirlərdə iştirak etmiş, müsabiqələrdə layiqli yer tutmuşlar. İki binadan ibarət olan məktəbin ikinci binasında iki Qubadlı rayon məktəbi yerləşmişdir. Məktəb tərəfindən onlara hər cür yardım göstərilir.

Əhməd Bakıxanov adına İncəsənət Məktəbi Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsində 1936-cı ildə xüsusi layihə üzrə tikilmiş bina 1982-ci ilin sentyabrından incəsənət məktəbi kimi fəaliyyət göstərmişdir. Sumqayıt Şəhər Xalq Deputatları Soveti Rəyasət Heyətinin 3 aprel 1992-ci il 16 saylı protokolu ilə məktəbə görkəmli Dövlət Xadimi, tarzən Ə. Bakıxanovun adı verilmişdir. Məktəbin 35 sinif otağı, kitabxanası, 150 nəfərlik konsert zalı var. Burada fortepiano, skripka, tar, kamança, qarmon, klarnet, nağara, rəsm ixtisasları üzrə 415 nəfər şagird təhsil alır. 84 nəfərdən ibarət müəllim kollektivi şagirdlərə musiqi sənətinin incəliklərini öyrədir. İncəsənət məktəbində müəllim və şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, xor kollektivi fəaliyyət göstərir ki, onlar vaxtaşırı şəhər və qəsəbə tədbirlərində iştirak edir. Ötən ildə keçirilmiş "İstedad-2004" müsabiqəsində iştirak edən məktəbin şagirdlərindən Mustafayev Elşən qalib, Sadıqzadə Turanə isə diplomant elan olunmuşdur. Ə.Bakıxanov adına İncəsənət Məktəbinə hal-hazırda Vasif Heydərov rəhbərlik edir.

Fikrət Əmirov adına Musiqi Məktəbi 1991-ci ildə Sumqayıtda fəaliyyət göstərən musiqi məktəbləri sırasına daha bir məktəb F.Əmirov adına musiqi məktəbi də qoşuldu. Ümumi sahəsi 500 kv.m olan məktəbin 40 sinif otağı, 150 nəfərlik zalı şagirdlərin ixtiyarındadır. Məktəbdə 217 nəfər müəllim çalışır ki, onlardan 39 nəfəri ali, 178 nəfəri isə orta ixtisas musiqi təhsillidir. 9 ixtisas üzrə fortepiano, skripka, tar, kamança, qarmon, saz, klarnet, nağara, xanəndəlik-muğam üzrə 627 nəfər şagird təhsil alır. Məktəbin məzunları Əliyeva Natəvan, Rzayev Rəşad, Əliyev Vüqar, İbrahimov Şamxal, Quliyeva Mətanət və b. doğma kollektivə müəllim kimi qayıdıb musiqinin sirlərini şagirdlərə həvəslə öyrədirlər. Tarixi günlərin, bayramların lazımi səviyyədə qeyd olunması, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına həsr edilmiş gecələrin, konsert proqramlarının təşkil edilməsinin öhdəsindən məktəbin kollektivi bacarıqla gəlir. 1996-cı ildə məktəbin 5 illik, 2001-ci ildə isə 10 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Yubileylə bağlı "Ömrün musiqi yaşantıları" adlı kitab nəşr edilmişdir.


İdman


Sumqayıt hər zaman perspektivli idmançılara malik olmuşdur. Şəhərdə bir sıra idman klubları mövcud olmuş və olmaqdadır. Bu klubların adları belədir: "Xəzər", "İnşaatçı", "Kimyaçı", "Sumqayıt", "Polad", "Kainat", "Vosxod", "Metallurq", "Gənclərbirliyi", "Gənclik-95", "Standard" və başqaları

Filmoqrafiya

Sumqayıt şəhərinin 60 illik yubileyi münasibəti ilə, 2009-ci ildə ANS televiziyasında "60 yaşında cavan" adlı sənədli film hazırlanaraq efirə verilmişdir. Filmin müəllifi ANS TV-nin əməkdaşı Namiq Hüseynovdur.


Qardaş şəhərlər

Lüdviqshafen, Almaniya
Bari, İtaliya
Çerkassı, Ukrayna
Cu Cou, Çin Xalq Respublikası
Ceyhan, Türkiyə
Rustavi, Gürcüstan
Mogilyov, Belarus
Lints, Avstriya
Piteşti, Rumıniya
Aktau, Qazaxıstan
Genuya, İtaliya
Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.